“Xarkov Politexnik İnstitutu”
1885-ci ildə təsis edilmiş Xarkov Milli Texniki Universiteti (NTU "KPI") Ukraynanın elmi, texniki, intellektual və mədəni potensialının ayrılmaz bir hissəsidir və Ukrayna dövlətinin inkişafına əhəmiyyətli təsir göstərmişdir.
Nobel mükafatı laureatı L.D. Landau və dünyaca məşhur alimlər – akademiklər M.M. Beketov, K.A. Zvorykin, A.N. Lyapunov, M.D. Pilçikov, V.A. Steklov, D.I. Mendeleyev, M.E. Jukovski, həmçinin universitetimizin təsisçisi və ilk rektoru professor V.L. Kirpiçovun adları universitet ilə bağlıdır.
Universitet Ukraynanın ən yüksək akkreditasiya səviyyəsi olan IV-cü səviyyəyə malikdir və burada 42 ixtisas üzrə təhsil verilir. 2000-ci ildə Ukrayna Prezidentinin fərmanı ilə universitetə “Milli” statusu verilmiş və Ukraynanın Milli Ali Təhsil Müəssisəsi statusunu almışdır.
Universitet bakalavriat – magistratura – doktorantura pillələrində təhsil verir. Xarkov Milli Texniki Universitetində 4.200 əməkdaş çalışır və 14.000-dən artıq tələbə təhsil alır. Onlardan 1.400-ü dünyanın 49 müxtəlif ölkəsindən gələn xarici tələbələrdir. Universitetdə 1.700 nəfərlik müəllim heyəti fəaliyyət göstərir. Burada təxminən 200 elmlər doktoru və professor, eləcə də 900 dosent (elmi dərəcə namizədi) mövcuddur.
Universitet Avropa təhsil məkanına inteqrasiya istiqamətində atılan mühüm bir addım olaraq 2005-ci ildə Bologna prosesinə (Avropa Universitetləri Xartiyası) qoşulmuşdur. Bu sayədə universitetin diplomu və təhsil səviyyəsi Avropa ölkələri də daxil olmaqla, bütün dünyada tanınır.
Universitet fəal beynəlxalq fəaliyyət göstərir, dünyanın bir çox ölkəsində 160-dan artıq aparıcı ali təhsil müəssisəsi ilə elmi, texniki və təhsil əlaqələrini möhkəmləndirir və genişləndirir, tanınmış beynəlxalq proqram və qrantlarda iştirak edir. Hər il universitet 30-dan artıq elmi və tədris yönümlü beynəlxalq layihə həyata keçirir.
Universitet yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasında və elmi araşdırmaların aparılmasında Ukrayna və dünya ali təhsil müəssisələri arasında yüksək nüfuza malikdir.